Аğayev İ.B.
Azərbaycan Respublikasının Cəza-icra hüququ. Xüsusi hissə.
Dərslik.
Bakı: «Nurlar» nəşriyyatı, 2011.
472 səhifə. 30 çap vərəqi.
Cəza-icra hüququ – dövlət tərəfindən müəyyən edilən, cəza-icra siyasətinin əsas prinsiplərini və müddəalarını təsbit edən, cəzanı icra edən müəssisə və orqanların fəaliyyətinin forma, metod və vasitələrini bütün növ cəzaların icrası və çəkilməsi, eləcə də məhkumların islah edilməsi vasitələrinin tətbiqi prosesində yaranan münasibətlərin tənzimlənməsi yolu ilə müəyyən edən hüquq normalarının məcmusudur. Cəza-icra hüququ iki hissədən ibarətdir: Ümumi hissə və Xüsusi hissə.
Təqdim olunan dərslik Azərbaycan Respublikası Cəza-icra hüququnun Xüsusi hissəsinə həsr olunmuşdur. Burada ayrı-ayrı növ cəzaların, yəni müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə, cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə, əmlak müsadirəsi, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaların icrasının hüququ təsbiti, cəza çəkməkdən azadetmənin əsasları və qaydası, cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası və onlara yardım göstərilməsi, cəza çəkməkdən vaxtından əvvəl azad olunmuş və şərti məhkum edilmiş şəxslərə nəzarət edilməsi və bir çox digər məsələlər tədqiq edilir.
Oxucuya təqdim edilən kitab Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, cinayət cəzalarının icrasına dair beynəlxalq standartlara, cəzaların icrası sahəsinin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına xidmət edən qanunlara və çoxsaylı digər normativ-hüquqi aktlara əsaslanır. Bu kitab yazılarkən, elmi araşdırmaların materialları, cəza-icra praktikasının nailiyyətləri də təhlil edilmişdir.
Dərsliyin strukturu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin Xüsusi hissəsinin strukturuna uyğundur. O hazırlanarkən, tələbələrin, müəllimlərin, elmi tədqiqatla məşğul olan şəxslərin, cəza-icra sisteminin və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının görüş dairəsinin keyfiyyətli və əsaslı surətdə yoxlanılmış materiallarla zənginləşdirilməsinə, habelə sözügedən şəxslər tərəfindən cəzanı icra edən müəssisə və orqanların iş fəaliyyətinin obyektiv qiymətləndirilə bilməsinə səy göstərilmişdir.
Cəza-icra hüququ zamanla ayaqlaşmalıdır, yəni dövlətin siyasi, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri özündə əks etdirməlidir. Bununla bağlı olaraq, Cəza-icra hüququnun Ümumi və Xüsusi hissələri müəyyən dəyişikliklərə məruz qalmaqda davam edir. Bəzi müddəlar ləğv edilir, bəziləri meydana gəlir, digərləri isə təkmilləşdirilir. Daha çox dəyişikliklərə Xüsusi hissə məruz qalır. Məhz belə, Azərbaycan Respublikasının 24 iyun 2008-ci il Qanunu ilə Cəzaların İcrası Məcəlləsinin Xüsusi hissəsinin otuz maddəsinə, 18 iyun 2010-cu il Qanunu ilə isə — otuz bir maddəsinə dəyişiklik edilmişdir. Bu dəyişikliklər cəzanın çəkilməsinin humanistləşdirilməsinə, cəzanın icrasının diferensiasiyası və fərdiləşdirilməsi prinsiplərinin reallaşdırılmasına, Azərbaycan Respublikasının cəza-icra sisteminin inkişaf etdirilməsinə yönəldilmişdir. Bütün bunlar Azərbaycan Respublikası cəzaların icrası qanunvericiliyinin təkmilləşdirilməsinin dinamikliyindən xəbər verir.
Dərslikdə hal-hazıra qədər Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinə edilmiş bütün dəyişikliklər nəzərə alınmışdır ki, bu da oxuculara Cəza-icra hüququnun müasir problemlərini, habelə cəza-icra sisteminə olan baxışların təkamülünü daha dərindən dərk etməyə imkan yaradır.
Cəza-icra hüququnun Xüsusi hissəsinin müddəaları xaotik deyil, müəyyən sistem üzrə yerləşdirilmişdir. Cəza-icra hüququnun Xüsusi hissəsinin sistemi dedikdə, Xüsusi hissənin müddəalarının müəyyən qruplar — bölmələr, fəsillər və paraqraflar üzrə bölüşdürülməsinin xüsusi qaydası başa düşülür. O, həyata keçirilməsində cəzaların icrası qanunvericiliyinin də iştirak etdiyi konstitusiya prinsipləri və dövlət tərəfindən həvalə edilmiş vəzifələr nəzərə alınmaqla qurulmuşdur.
Qeyd etmək zəruridir ki, Cəza-icra hüququnun Xüsusi hissəsinin sisteminin qurulmasında ümumbəşəri dəyərlər (ilk növbədə, insan hüquq və azadlıqlarının qorunmasında ifadə olunan) prioritet əhəmiyyət kəsb etməlidir.
Oxucuya təqdim edilən kitab müəllifin 2000—2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuduğu mühazirə mətnlərinin əsasında hazırlanmışdır. Kitabda Cəza-icra hüququ ilə əlaqədar müxtəlif qanunvericilik sahələrinin normalarının inkişafının nəticələrini ümumiləşdirmək vəzifəsi qoyulmuşdur ki, bu da onlardan gələcəkdə hüquq tətbiqetmə praktikasında istifadə edilməsi məqsədi daşıyır. Onu da qeyd etmək istərdik ki, dərsliyin mətni istiqamətverici sxemlərlə müşayiət olunur. Hər fəsildən sonra ədəbiyyat siyahısı verilir.
Əsər ali təhsil müəssisələrində təhsil alan tələbələr, müəllimlər və hüququn müxtəlif sahələri üzrə elmi tədqiqat işi aparan şəxslər üçün nəzərdə tutulmuşdur. O, hüquq-mühafizə orqanları və məhkəmə işçiləri, vəkillər və idarəetmə orqanlarının hüquqşünasları üçün də çox faydalıdır.
Ümidvarıq ki, oxucuya təqdim edilən kitab ictimaiyyət üçün maraqlı və çox faydalı olacaq.
MÜNDƏRİCAT
MÜƏLLİFDƏN – 5
I BÖLMƏ
AZADLIQDAN MƏHRUMETMƏ NÖVÜNDƏ CƏZALARIN İCRASI
I FƏSİL
AZADLIQDAN MƏHRUMETMƏ NÖVÜNDƏ CƏZALARIN İCRASININ ÜMUMİ MÜDDƏALARI – 11
§ 1. Azadlıqdan məhrumetmənin və onun icrasının anlayışı – 11
§ 2. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin təsnifatı – 20
§ 3. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi – 31
§ 4. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin penitensiar müəssisələrə qəbul edilməsi – 37
§ 5. Penitensiar müəssisənin dəyişdirilməsi – 42
II FƏSİL
PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ CƏZANIN İCRASI VƏ ÇƏKİLMƏSİ QAYDASI – 55
§ 1. Penitensiar müəssisələrdə rejim anlayışı – 47
§ 2. Penitensiar müəssisələrdə daxili qaydalar – 62
§ 3. Penitensiar müəssisələrdə cəzanın icrası və çəkilməsi qaydasına riayət olunmasının təmin edilməsi – 65
§ 4. Penitensiar müəssisələrdə fövqəladə hallar – 80
III FƏSİL
PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ CƏZANIN ÇƏKİLMƏSİ ŞƏRTLƏRİ – 91
§ 1. Penitensiar müəssisələrdə məhkumların saxlanılması şəraiti – 91
§ 2. Azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin penitensiar müəssisələrin hüdudlarından kənarda olması – 108
§ 3. Penitensiar müəssisələrdə məhkumların maddi-məişət və tibbi-sanitariya təminatı – 115
§ 4. Yetkinlik yaşına çatmış məhkumlar tərəfindən azadlıqdan məhrumetmənin çəkilməsi şərtləri – 127
§ 5. Yetkinlik yaşına çatmayan məhkumlar tərəfindən azadlıqdan məhrumetmənin çəkilməsi şərtləri – 145
IV FƏSİL
PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ MƏHKUMLARLA TƏRBİYƏ İŞİ – 156
§ 1. Penitensiar müəssisələrdə məhkumlarla tərbiyə işinin anlayışı – 156
§ 2. Penitensiar müəssisələrdə məhkumlara tətbiq edilən həvəsləndirmə tədbirləri – 170
§ 3. Penitensiar müəssisələrdə məhkumlara tətbiq edilən tənbeh tədbirləri – 180
§ 4. Penitensiar müəssisələrdə məhkumların özfəaliyyət təşkilatları – 190
V FƏSİL
PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ MƏHKUMLARIN ƏMƏYİ VƏ TƏHSİLİ – 203
§ 1. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin əməyə cəlb edilməsi və onların əmək şəraiti – 203
§ 2. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin əməyinin ödənilməsi – 215
§ 3. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin peşə təlimi – 221
§ 4. Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi orta təhsili – 228
II BÖLMƏ
MƏHKUMUN CƏMİYYƏTDƏN TƏCRİD EDİLMƏSİ İLƏ ƏLAQƏDAR OLMAYAN CƏZALARIN İCRASI
VI FƏSİL
MƏHKUMUN MƏCBURİ ƏMƏK FƏALİYYƏTİ İLƏ ƏLAQƏDAR OLMAYAN CƏZALARIN İCRASI – 239
§ 1. Cərimə növündə cəzanın icrası – 240
§ 2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəzanın icrası – 249
§ 3. Yalnız əlavə cəza kimi tətbiq edilən cəzaların icrası – 259
VII FƏSİL
İCTİMAİ İŞLƏR VƏ İSLAH İŞLƏRİ NÖVÜNDƏ CƏZALARIN İCRASI – 276
§ 1. İctimai işlər növündə cəzanın icrasının hüquqi xarakteri – 277
§ 2. İslah işləri növündə cəzanın mahiyyəti və icrasının təşkili – 285
§ 3. İctimai işlər və islah işləri növündə cəza çəkən məhkumların hüquqi vəziyyətinin xüsusiyyətləri – 297
VIII FƏSİL
AZADLIĞIN MƏHDUDLAŞDIRILMASI NÖVÜNDƏ CƏZANIN İCRASI – 308
§ 1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının mahiyyəti və xüsusiyyətləri – 308
§ 2. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının qayda və şərtləri – 314
§ 3. Azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumlara əsas islahetmə vasitələrinin tətbiqi – 325
III BÖLMƏ
HƏRBİ QULLUQÇULARA TƏTBİQ EDİLƏN CƏZALARIN İCRASI
IX FƏSİL
HƏRBİ XİDMƏT ÜZRƏ MƏHDUDLAŞDIRMA NÖVÜNDƏ CƏZANIN İCRASI – 337
X FƏSİL
İNTİZAM XARAKTERLİ HƏRBİ HİSSƏDƏ SAXLAMA NÖVÜNDƏ CƏZANIN İCRASI – 351
§ 1. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın və onun icrasının anlayışı – 351
§ 2. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın icrasının qayda və şərtləri – 356
§ 3. İntizam xarakterli hərbi hissələrdə məhkumların əməyi və onlarla tərbiyə işi – 368
IV BÖLMƏ
CƏZA ÇƏKMƏKDƏN AZADETMƏ
XI FƏSİL
CƏZA ÇƏKMƏKDƏN AZADETMƏNİN ƏSASLARI VƏ QAYDASI – 383
§ 1. Cəza çəkməkdən azadetmənin anlayışı. Məcburi əsaslara görə cəza çəkməkdən azadetmə – 383
§ 2. Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə – 392
§ 3. Əfvetmə və amnistiya aktlarına əsasən cəza çəkməkdən azadetmə – 399
§ 4. Xəstəliyə görə cəza çəkməkdən azadetmə – 412
§ 5. Hamilə qadınlar və ya azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsinin təxirə salınması – 420
XII FƏSİL
CƏZA ÇƏKMƏKDƏN AZAD EDİLƏN ŞƏXSLƏRİN SOSİAL ADAPTASİYASI VƏ ONLARA YARDIM GÖSTƏRİLMƏSİ. CƏZA ÇƏKMƏKDƏN VAXTINDAN ƏVVƏL AZAD OLUNMUŞ VƏ ŞƏRTİ MƏHKUM EDİLMİŞ ŞƏXSLƏRİN ÜZƏRİNDƏ NƏZARƏT – 431
§ 1. Cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası və onlara yardım göstərilməsi – 431
§ 2. Cəza çəkməkdən azad edilmiş şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilmək hüquqları – 436
§ 3. Cəza çəkməkdən vaxtından əvvəl azad olunmuş şəxslərə nəzarət edilməsi – 444
§ 4. Şərti məhkumetmə. Şərti məhkum edilmiş şəxslərin davranışına nəzarət edilməsi – 451