Аğayev İ.B.
Cinayət tərkibi.
Dərs vəsaiti.
Bakı: «Təhsil» nəşriyyatı, 2005.
496 səhifə. 31 çap vərəqi.
Cinayət tərkibi cinayət hüququnun ən vacib, hakim institutlarından biridir. Onun mahiyyətini dərindən anlamadan Cinayət hüququnu mənimsəmək qeyri-mümkündür. Cinayətlərin tövsifi, cəzanın əsaslandırılması, cinayətin törədildiyi zaman, məkan, cinayətə görə məsuliyyətin əsasları, həddi və digər mühüm məsələlər tərkib anlayışı ilə bilavasitə bağlıdır. Cinayət tərkibinin tədqiq edilməsinin qanunçuluğa ciddi əməl olunması baxımından da böyük əhəmiyyəti vardır.
Cinayət tərkibi — ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət tərkibi cinayət hüququ elmi tərəfindən işlənib hazırlanmış və cinayət qanunu ilə qəbul edilmiş, ictimai təhlükəli əməlin hüquqi konstruksiyasını müəyyən etməyə və onun Cinayət Məcəlləsinin bu və ya digər normasında təsbit edilmiş cinayət olması haqqında nəticə çıxarmağa imkan verən vasitədir.
Kitabda cinayət hüququ elminin son nailiyyətləri əsasında cinayət tərkibinin anlayışı, onun əlamətləri və təsnifatı, cinayət tərkibinin obyektiv və subyektiv elementləri təhlil olunur. Əsərdə cinayət tərkibinin cinayət məsuliyyətinin vahid əsası və cinayəti tövsif etmə vasitəsi olması ilə bağlı müstəsna əhəmiyyətinə xüsusi diqqət yetirilmişdir. Cinayət qanunvericiliyi «cinayət tərkibi» cinayət-hüquqi anlayışının qanunvericilik tərifini vermir. Lakin bununla belə, qanunverici nəzərdə tutur ki, cinayət məsuliyyətinin əsası yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsidir.
Cinayət qanununda cinayət tərkibinə anlayış müxtəlif cinayətlərin xarakterlərinin ümumiləşdirilməsi, müəyyən növə daxil olan bütün cinayətlər üçün əhəmiyyətli, tipik olan və əməldə konkret növ cinayət tərkibinin olduğunu təsbit etmək üçün zəruri və yetərli olan əlamətlərin aşkarlanması yolu ilə verilir. Hər bir cinayət tərkibi spesifik xarakterə malikdir və istənilən başqa bir cinayət tərkibindən ən azı bir hüquqi əhəmiyyətli əlaməti ilə fərqlənir. Buna görə də, qanunverici ayrı-ayrı növ cinayət tərkiblərini müəyyən edərkən, yalnız o əlamətləri seçir və Cinayət Məcəlləsinin Xüsusi hissəsinə daxil edir ki, onların konkret növdən olan istənilən cinayət törədilərkən təkrarlanması qaçılmazdır.
Dərs vəsaiti hüquq təhsili alan ali məktəb tələbələri, aspirantlar, müəllimlər, cinayət hüququ problemlərini araşdıran alimlər, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları, vəkillər, eləcə də cinayət hüququ ilə maraqlanan istənilən şəxs üçün nəzərdə tutulmuşdur.
MÜNDƏRİCAT
I FƏSİL
CİNAYƏT TƏRKİBİNİN ANLAYIŞI VƏ NÖVLƏRİ – 5
§ 1. Cinayət tərkibinin ümumi anlayışı – 5
§ 2. Cinayət tərkiblərinin təsnifatı – 10
§ 3. Cinayət tərkibinin əlamətləri – 19
II FƏSİL
CİNAYƏTİN OBYEKTİ – 29
§ 1. Cinayətin obyekti anlayışı və onun əhəmiyyəti – 29
§ 2. Cinayətin obyektlərinin təsnifatı – 52
§ 3. Cinayətin predmeti və zərərçəkmiş şəxs – 67
III FƏSİL
CİNAYƏTİN OBYEKTİV CƏHƏTİ – 79
§ 1. Cinayətin obyektiv cəhətinin anlayışı – 79
§ 2. İctimai təhlükəli əməl və onun formaları anlayışı – 93
§ 3. İctimai təhlükəli hərəkət – 111
§ 4. İctimai təhlükəli hərəkətsizlik – 122
§ 5. İctimai təhlükəli nəticələr – 133
§ 6. İctimai təhlükəli əməl və ictimai təhlükəli nəticələr arasında səbəbil əlaqə – 155
§ 7. Cinayətin obyektiv cəhətinin fakultativ əlamətləri – 177
§ 8. Cinayətin obyektiv cəhətinin əhəmiyyəti – 194
IV FƏSİL
CİNAYƏTİN SUBYEKTİV CƏHƏTİ – 204
§ 1. Cinayətin subyektiv cəhətinin anlayışı və əhəmiyyəti – 204
§ 2. Təqsir anlayışı – 215
§ 3. Təqsirin forması – 230
§ 4. Qəsd və onun növləri – 241
§ 5. Ehtiyatsızlıq və onun növləri – 264
§ 6. Təqsirin iki formasında törədilən cinayətlər – 284
§ 7. Təqsirsiz zərər vurma – 291
§ 8. Cinayətin motiv və məqsədi – 298
§ 9. Cinayətin subyektinin emosional vəziyyəti – 314
§ 10. Səhv və onun növləri – 318
V FƏSİL
CİNAYƏTİN SUBYEKTİ – 333
§ 1. Cinayətin subyekti anlayışı – 333
§ 2. Cinayətin subyektinin yaş meyarı – 345
§ 3. Anlaqlılıq – 357
§ 4. Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxslərin cinayət məsuliyyəti – 363
§ 5. Anlaqsızlıq – 376
§ 6. Sərxoşluğun cinayət məsuliyyətinə təsiri – 402
§ 7. Cinayətin xüsusi subyekti – 415
§ 8. Cinayətin subyekti və cinayətkarın şəxsiyyəti – 426
VI FƏSİL
CİNAYƏT TƏRKİBİNİN ƏHƏMİYYƏTİ – 436
§ 1. Cinayət tərkibi cinayət məsuliyyətinin vahid əsası kimi – 436
§ 2. Cinayət tərkibi cinayəti tövsif etmə vasitəsi kimi – 450