Агаев И.Б.
Общие вопросы назначения наказания при множественности преступлений.
«Черные дыры в Российском законодательстве» hüquq jurnalı.
Moskva, 2004, № 1, s. 77—82. 1,2 çap vərəqi.
Məqalədə qeyd olunur ki, böyük ictimai təhlükəliliyə malik olması səbəbindən cinayətlər çoxluğuna görə ciddi məsuliyyət nəzərdə tutulmalıdır. Cinayətlərin çoxluğu hallarına görə məsuliyyət qaydasının müəyyən edilməsinə yanaşma çoxluğun üç formaya — təkrarlığa, məcmuya və residivə malik olmasına əsaslanmalıdır. Müəllifin sözlərinə görə, cinayətlər çoxluğunun bu formaları öz xarakterinə görə müxtəlif növlərə malikdir və bu növlərin hər biri müxtəlif ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnir. Buna əsaslanaraq, müəllif hesab edir ki, onlara görə məsuliyyət də müxtəlif şəkildə nəzərdə tutulmalıdır. Bu onda təzahür edir ki, törədilmiş əməl bir halda cəzanı ağırlaşdıran, daha ağır normanın tətbiqinə səbəb olan keyfiyyətə malik olur, digər halda isə, müxtəlif cinayət-hüquq normaları ilə əhatə olunaraq, daha ciddi cəza təyin edilməsi qaydasının tətbiqinə səbəb olur. Lakin xarakteri və ictimai təhlükəlilik dərəcəsindəki müxtəlifliklərə baxmayaraq, cinayətlər çoxluğunun bütün halları oxşar cəhətlərə malikdir ki, bunlardan da biri eyni şəxs tərəfindən bir neçə cinayət törədilməsidir. Bunları nəzərə alaraq, müəllif hesab edir ki, cinayətlər çoxluğuna görə cəza təyin edilməsi probleminin tədqiqi kifayət qədər mühümdür, aktualdır və bu, praktiki olaraq, həm cinayət-hüquq nəzəriyyəsi, həm də məhkəmə-istintaq praktikası üçün əhəmiyyətlidir.