Aghayev I.B.
Guilt in Criminal law.
Bакı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası.
Bakı, 2015, № 3–4, s. 95—112. 1,5 çap vərəqi.
Sözügedən məqalədə cinayət-hüquqi mənada təqsirdən bəhs edilir. Müəllif qeyd edir ki, təqsiri səciyyələndirən əsas kateqoriyalar onun məzmunu, forması və dərəcəsidir. Təqsirin cinayət-hüquqi məzmunu ondan ibarətdir ki, təqsir, cinayət qanununda əks olunaraq, cinayətin təqsirin bu və ya digər forması ilə, yəni qəsd və ya ehtiyatsızlıqla ifadə olunan və istənilən tərkib üçün zəruri olan subyektiv cəhətinin əlaməti mənasını qazanır. Qəsd və ya ehtiyatsızlıq prinsip etibarı ilə insanın istənilən davranışı ilə bağlı olur. Lakin onlar yalnız cinayət kimi qəbul edilən əməl törədildikdən sonra cinayət-hüquqi məna kəsb etməyə başlayır. Müəllifin sözlərinə görə, təqsirin forması subyektin törədilmiş ictimai təhlükəli əmələ və baş vermiş ictimai təhlükəli nəticələrə olan müəyyən münasibətini səciyyələndirən, intellektual və iradəvi komponentlərin cinayət hüququ ilə müəyyən edilmiş qarşılıqlı münasibətidir. Təqsirin dərəcəsi qiymətləndirici kateqoriyadır. O, özündə təqsirin psixoloji və sosial xarakteristikalarını kəmiyyət baxımından əks etdirir, cinayət törətməkdə təqsirli bilinən şəxsin cinayətin obyektiv hallarına mənfi, laqeyd və kifayət qədər diqqətli olmayan münasibətinin həcmini bildirir.